"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
31.08.2021. Maarifləndirmə tədbiri
31.08.2021. Maarifləndirmə tədbiri

Növbəti maarifləndirici tədbir keçirilib

Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirinin müavini Anar Əhmədov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov çıxış edərək bildiriblər ki, bu gün müasir müəssisələrin, yeni iş yerlərinin açılması, məşğulluğun təmin olunması sahəsində sistemli tədbirlərin həyata keçirilməsi, investisiya fəallığının güclənməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması, eyni zamanda təhlükəsizliyin və ictimai-siyasi sabitliyin mütləq sürətdə təmin edilməsi əməkçi miqrantların muxtar respublikamıza olan marağını və səfər etmə niyyətini daha da artıraraq sahibkarlığın formalaşmasına güclü təkan vermiş, miqrasiya proseslərini daha da sürətləndirmişdir. 

Dövlət Miqrasiya Xidmətinin inspektoru Həmid Muxtarlı diqqətə çatdırıb ki, bu gün muxtar respublikada dövlət miqrasiya siyasətinin uğurla həyata keçirilməsini şərtlənirən amillərdən biri də mühüm əhəmiyyətə malik olan Dövlət Proqramlarının vaxtında və dəqiq icrasıdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əcnəbilərin də muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması mütəmadi olaraq diqqət mərkəzində saxlanılıb, əməkçi miqrantların muxtar respublikada qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılaraq müxtəlif tədbirlər həyata keçirilib. Qeyd edilib ki, miqrasiya sahəsində dövlət siyasəti muxtar respublikanın sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən də əməkçi miqrantların, onların ailə üzvlərinin həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, hüquqlarının müdafiəsinə yönəldilmişdir.

Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşı Xudakərim Məmmədov muxtar respublikada məşğulluğun artırılmasında sahibkarlığın rolu barədə geniş məlumat verib.

Əmək miqrasiyası sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət mövzusuna toxunan Xidmətin baş inspektoru Tural Bayramov bildirib ki, muxtar respublikada iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, habelə bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında aşkarlanması və zəruri tədbirlərin görülməsi Xidmət tərəfindən uğurla icra olunmaqdadır.

Muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektinin nümayəndəsi Akif Mahmudov onlara yaradılan hərtərəfli şəraitdən və göstərilən davamlı dövlət dəstəyindən danışaraq müəssisələrində əmək fəaliyyətilə məşğul olan əcnəbilərin sənədləşmə prosesi və miqrasiya sahəsində yarana biləcək istənilən çətinlik qarşısında göstərdikləri köməyə görə sahibkarlar adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Əcnəbilərə iş icazəsinin verilməsi və müddətinin uzadılması, həmçinin əmək miqrasiyası kvotası ilə bağlı ünvanlanan suallar cavablandırılıb, məlumatlar slayd vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda sahibkarlara Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.