"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
30.12.2021. Andiçmə mərasimi olub
30.12.2021. Andiçmə mərasimi olub

Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin

andiçmə mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi keçirilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev tədbir iştirakçılarını əlamətdar gün və qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş və onlara xoş arzularını çatdırmışdır.

Vətəndaşlıq hüququnun əhəmiyyətindən, üstünlüklərindən bəhs edən Xidmət rəisi bildirib ki, vətəndaşlıq faktı ilə şəxslərin vəzifələri müəyyənləşir. Vətəndaşlar  onların üzərinə  qoyulmuş vəzifələri icra edir, qanuni mənafelərini həyata keçirir, dövlət isə öz növbəsində vətəndaşların qanuni maraqlarını müdafiə edir.   

“Müasir və müstəqil Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq, qalib bir ölkənin vətəndaşı kimi şərəfli və məsuliyyətli adı daşımaq hər zaman qürurlu haldır”, - deyən Şahin Nəbiyev əlavə edib ki, ölkəmizin bütün sahələrini əhatə edən dinamik inkişafa, hər bir vətəndaşın maddi-rifahının daha da yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə uğurla nail olunub.

Vurğulanıb ki, ölkəmizin artan sosial-iqtisadi və hərbi qüdrətinin nəticəsidir ki, zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası da bu gün inkişafın məhz intibah dövrünü yaşayır. Bütün parametrlər üzrə əldə edilən davamlı və dayanıqlı inkişaf, insan hüquq və azadlıqlarına xüsusi diqqətlə, həssaslıqla yanaşma, həmçinin təhlükəsizlik və əmin-amanlıq sayəsində muxtar respublikamızda yaşamaq, işləmək və təhsil almaqla bərabər, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı da hər ötən il artmaqdadır. Həmçinin qeyd edilib ki, reallaşdırılan məqsədyönlü və uğurlu siyasət respublikanı tərk edib digər ölkələrə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtmasına çox ciddi təsir edir.

Sonra vətəndaşlığa qəbul olunan 7 nəfər təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər. 

Ölkə vətəndaşlığına qəbul olunan şəxslər Azərbaycan Respublikasının vətəndaşı adını bundan sonra  şərəflə daşıyacaqlarını və bu böyük etimada görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunma ilə bağlı müvafiq sənədlər təqdim edilib.

Tədbir Dövlət Himninin ifası ilə yekunlaşıb.