Əsgərlərə bayram sovqatı verilib
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Sədərək rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında həmrəylik bayramının əsgərlərimizlə birlikdə keçirilməsi artıq ənənəyə çevrilib. Müstəqillik illərində Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində kompleks tədbirlər görülmüş, Azərbaycan Silahlı Qüvvələri mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir.
Xidmət rəisi Azərbaycan ordusu və onun Naxçıvandakı hissələrini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib. Vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şanlı mübarizəsi 2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Bu gün hər bir azərbaycanlı 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizləyən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuzla fəxr edir.
Sonda “N” saylı hərbi hissənin əsgəri Asif Vəliyev ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, onların hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, heç bir bayramda unudulmadıqlarını qeyd edərək minnətdarlığını bildirib.
Sonda gətirilmiş sovqat hərbi hissəyə təhvil verilib.