"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
28.08.2021. Dövlət Rəsm Qalereyası
28.08.2021. Dövlət Rəsm Qalereyası

Dövlət Miqrasiya Xidmətinin kollektivi

Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar

Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, əsrarəngiz gözəllikləri, bənzərsiz təbiəti və keçmişimizlə bu günümüzün vəhdətini təşkil edən muzeylərimiz xalqımızın milli sərvətlər xəzinəsidir.

Muxtar respublikada muzeylərin fəaliyyəti mütəmadi olaraq diqqətdə saxlanılır, ekspozisiyaları zənginləşdirilir, eyni zamanda yeni muzeylər yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali diqqət və davamlı qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulmuş, bu sahədə mühüm işlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin muzeylərə kollektiv gedişi davam etdirilir.

Avqustun 28-də Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.

Bələdçi Xidmətin kollektivinə ətraflı məlumat verərək bildirib ki, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılan qalereya 2000-ci ildən fəaliyyətinə Heydər Əliyev Sarayında davam edib. Hazırda qalereyanın fondunda portret, mənzərə janrlarında əsərlər, toxuma işləri, büstlər olmaqla ümumilikdə 400-ə yaxın sənət əsəri mühafizə olunur. Qalereyanın fondunda naxçıvanlı rəssamlarla yanaşı, Azərbaycanın digər bölgələrindən olan rəssamların, həmçinin əcnəbi rəssamların da əsərləri nümayiş etdirilir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən "Ulu öndər", "Zərifə Əliyeva", "21-ci əsr - Heydər Əliyev" əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır.

Bildirilib ki, yerli sakinlərlə yanaşı, muxtar respublikamıza ölkə­mizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici turistlər də qalereyanı böyük maraqla ziyarət edirlər.

Qalereyadakı Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirən əsərlərlə tanışlıq Xidmət əməkdaşlarında xoş təəssüratlar yaradıb, maraqlandıran suallar bələdçi tərəfindən ətraflı cavablandırılıb.