"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
27.05.2020. Su və kanalizasiya sistemləri qurulur
27.05.2020. Su və kanalizasiya sistemləri qurulur

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur 

Mayın 27-dəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxmışdır. 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat vermişdir ki, layihə çərçivəsində Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində su və kanalizasiya şəbəkəsinin, Qarabağlar, Yurdçu, Xok və Qabıllı kəndlərində su şəbəkəsinin tikintisinin aparılması nəzərdə tutulmuşdur. Layihəyə əsasən 244,5 kilometr su və 87,1 kilometr kanalizasiya şəbəkələri tikiləcək, 5845 su və 1962 kanalizasiya birləşməsi aparılacaqdır. Bugünə qədər müxtəlif diametrli borularla 69,5 kilometr su və 9,9 kilometr kanalizasiya xəttinin tikintisi başa çatmış, 120 su birləşməsi aparılmışdır. Yeni qazılacaq 25 subartezian quyusunun hər birinin gücü saniyədə 8 litrdir. Bugünə qədər 4 quyu qazılaraq yuma işləri aparılmışdır. 

Subartezian quyularından sutəmizləyici qurğuya qədər diametri 110 millimetrdən 355 millimetrə qədər olan borularla 6,4 kilometr uzunluğunda boru xətti çəkiləcək, su ozonla dezinfeksiya olunaraq yeni tikiləcək 2 xam su anbarına vurulacaqdır. Daha sonra sutəmizləyici qurğuda təmizlənən su hər birinin tutumu 7500 kubmetr olan 2 təmiz su anbarına yığılacaq və öz axını ilə şəbəkəyə ötürüləcəkdir. Təmiz su anbarlarının dəmir-beton işləri başa çatdırılmışdır. Qarabağlar kəndinə suyun verilməsi üçün təmiz su anbarından nasoslar vasitəsilə su kəndin yuxarı hissəsində tikiləcək 2 su anbarına vurulacaqdır. Təmiz su anbarı ilə həmin su anbarları arasındakı təzyiqli boru xəttinin 2,5 kilometrinin tikintisi başa çatdırılmışdır. 

Kanalizasiya suları yeni tikiləcək çirkab su təmizləyici qurğuda təmizlənəcəkdir.   

Ali Məclisin Sədri layihə üzrə işlərin 2021-ci ildə başa çatdırılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.