"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
25.09.2020. Maarifləndirilmə tədbiri
25.09.2020. Maarifləndirilmə tədbiri

Əcnəbilərin maarifləndirilmə tədbirləri uğurla davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirə giriş sözü ilə başlayan Xidmətin əməkdaşı Kənan Məmmədov bildirib ki, bu cür tədbirlərin təşkili həm muxtar respublikamızda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin miqrasiya sahəsində maariflənməsinə, həm də onların hüquq və azadlıqları ilə bağlı məlumatlı olmasına xüsusi xidmət edir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi, böyük əzmkarlığı və ali diqqəti sayəsində müasir Naxçıvan öz dinamik sosial-iqtisadi tərəqqisi ilə müstəqil dövlətimizin ən böyük uğurlarından hesab edilir. Bu gün həyata keçirilən düzgün siyasətin real bəhrələri və məntiqi nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası hər ötən il miqrantların daha çox marağını cəlb edir, buraya səfər etmək niyyətində olanların sayı artır.

Diqqətə çatdırılıb ki, fəaliyyətini hər zaman insan hüquq və azadlıqlarının qorunması, humanizm və qanunçuluq prinsipləri əsasında həyata keçirən Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qazandığı uğurların təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Muxtar respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, onların olduğu yer və yaşayış yeri üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri daim diqqət mərkəzində saxlanılır. Xidmət əməkdaşı çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Həmçinin çıxışlar, təqdim edilən slayd və videoçarxlar əcnəbilərin daha rahat və aydın formada başa düşə bilmələri üçün ingilis dilində də səsləndilirib.    

Sonra tədbir iştirakçılarına Xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb ki, bu da birbaşa onların maariflənməsinə, hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xüsusi xidmət edir.

Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran suallar cavablandırılaraq mövzu ilə bağlı ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarının “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gəzintisi təşkil olunub. Muzeydəki eksponatlar haqqında məlumat verilərək bildirilib ki, Naxçıvan Muxtar Respublikasında olan abidələr arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti vardır.

Qeyd olunub ki, bu cür abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir.

Orijinal tərtibatı ilə seçilən muzeyin qiymətli eksponatları ilə tanışlıq tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.