"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
22.11.2021. Babək rayonunun Göynük kəndi
22.11.2021. Babək rayonunun Göynük kəndi

Ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarmış, yaşayış məntəqələri müasirliyə qovuşmuşdur. Bütün sahələrdə əldə olunan dinamik inkişaf kəndləri də əhatə etmiş, geniş quruculuq işləri aparılmış, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır... Bu da dinamik inkişafın təzahürüdür”.

Göynük kənd məktəbində hərtərəfli tədris şəraiti yaradılıb

Noyabrın 22-də Göynük kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan məktəbdə 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, 1 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 1014 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmışdır. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Hərəkətlə aktivləşdirilmiş LED pilləkən işıqları” və “Yağışdan qorunmaq üçün avtomatik avtobus dayanacağı” layihələrini təqdim etmişlər.

Müəllim Günay Babayeva demişdir: “Məktəbdə STEAM kabinəsinin yaradılması şagirdlərin yeni texnologiyaların, elmin texniki sahələrinin öyrənilməsinə geniş imkanlar açacaqdır. Şagirdlərimizin hərtərəfli yetişməsinə və inkişafına göstərilən qayğıya, tədrisdə yeni təlim üsullarının tətbiqi üçün yaradılan şəraitə görə minnətdarlığımızı bildiririk”.
Məktəbdə internetə çıxışı olan 12 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Dövlət Bayrağı Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Azərbaycan Respublikasının dövlət rəmzləri” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.

Məktəbin kimya-biologiya və fizika laboratoriyalarının müasir avadanlıqlarla təchizi və elmi yeniliklərə uyğun quruluması şagirdlərin dərsləri daha yaxşı mənimsəmələrinə şərait yaradacaq. Dünya standartlarına cavab verən əyani vasitələrlə təminat şagirdlərin bu sahədə biliklərini daha da möhkəmləndirəcəkdir.

Göynük kənd tam orta məktəbinin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi, geniş idman zalı və məktəbin həyətində qurulan açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına xidmət edəcəkdir. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də lazımi şərait yaradılmış, hərbi kabinə çağırışaqədərki hərbi hazırlıq dərslərinə uyğun məlumat stendləri ilə təchiz edilmişdir.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən Fəaliyyət Proqramına uyğun olaraq muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Cari ilin ötən dövründə 6 məktəb yenidən qurularaq istifadəyə verilmişdir. Təhsil müəssisələrinin elektron lövhə və müasir kompüterlərlə təchizatı da diqqətdə saxlanılır. Təkcə bu ilin ötən dövründə ümumtəhsil məktəblərinə 30 elektron lövhə, 184 kompüter verilmişdir. Hazırda ümumtəhsil məktəblərində 5700-dən çox kompüter, 650-dən çox elektron lövhə quraşdırılmışdır ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə, innovativ təlim metdolarının tətbiqinə öz töhfəsini verməkdədir. Göynük kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılmış, müasir tədris şəraiti yaradılmışdır. 2020-2021-ci tədris ili üzrə muxtar respublikada 33 məktəb ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında 100 faizlik nəticə göstərmişdir ki, onlardan da biri Göynük kənd tam orta məktəbidir. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.

Məktəbin gənc müəllimi Zivər Hacıyeva minnətdarlıq edərək demişdir: “Ali Məclis Sədrinin qayğısı ilə Göynük kəndi də müasir kəndlər sırasına qoşulur. Kənddə aparılan quruculuq ünvanlarından biri də Göynük kənd tam orta məktəbidir. Məktəbimizdə müasir laboratoriya və fənn kabinələri yaradılmış, təhsil ocağımız elektron lövhə və kompüterlərlə təchiz edilmişdir. Artıq şagirdlərimiz ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər. Muxtar respublikada gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların işlə təminatı üçün də gözəl şərait yaradılmışdır. Mən də yaradılan şəraitdən bəhrələnmişəm. Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə göstərərək Naxçıvan şəhərində yaşamağıma baxmayaraq, Göynük kənd tam orta məktəbində tarix müəllimi kimi çalışıram. Mənimlə bərabər, 3 gənc kadr da müsabiqədə yüksək nəticə əldə edərək Göynük kənd tam orta məktəbində fəaliyyətə başlamışdır. Məktəbimizdə yaradılan müasir təhsil şəraiti müəllimlərin qarşısına böyük məsuliyyət qoyur. Bundan sonra da tədrisin yüksək səviyyədə təşkilində əzm və səylə çalışacağıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göynük kənd tam orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün müasir tədrisin tələblərinə cavab verən məktəb binası kollektivin istifadəsinə verilir. Məktəb hər bir ölkənin gələcəyinə xidmət edir. Məktəbdə yaxşı tədris şəraiti varsa, gənclər təhsilli və vətənpərvər böyüyürsə, o ölkənin gələcəyi də etibarlı olur. Ona görə də ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə təhsilə böyük diqqət və qayğı göstərmişdir. Əgər Sovetlər Birliyi dönəmində ümummilli liderimizin qayğısı ilə gənclər seçilib keçmiş ittifaqın ən yaxşı ali məktəblərinə təhsil almağa göndərilirdisə, müstəqillik dövründə isə gənclərimiz xarici ölkələrin aparıcı ali məktəblərində təhsil alırlar. Çünki bu gün də ölkəmizdə ulu öndərin siyasəti uğurla davam etdirilir.
“Ümummilli liderimizin təşəbbüsü ilə Sovetlər Birliyi dövründə təhsil alan gənclər müstəqillik illərində ölkəmizin əsas kadr potensialını təşkil edirdisə, bu gün ölkəmizdə və xaricdə təhsil almış gənclər dövlət quruculuğunda fəal iştirak edirlər”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, dövlətimiz məktəb işinə diqqət və qayğı göstərir, müəllim əməyinə yüksək qiymət verir. Hər il gənclərimiz Prezident təqaüdünə layiq görülür, müəllimlər təltif olunurlar. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılır. Bu gün ucqar dağ kəndi olmasına baxmayaraq, Göynük kəndində müəllimlər yüksək əməkhaqqı alır. Eyni zamanda Göynük məktəbindəki şərait mərkəzdəki məktəblərdən fərqlənmir. Ona görə də gənclər mərkəzdə yaşamalarına baxmayaraq, kənd məktəblərini seçir, burada fəaliyyət göstərirlər. Məktəb bütün fənlər üzrə müəllimlərlə təmin olunmuşdur. Bu da imkan verir ki, nailiyyətlər artsın. Təhsil ocağının son 5 ildəki nailiyyətləri muxtar respublikanın orta göstəricisindən yüksəkdir.
Ali Məclisin Sədri nailiyyətlərə görə kollektivə təşəkkür etmiş və tədrisdə uğurlar arzulamışdır.
Binanın həyətində bufet və qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, gül kolları və ağaclar əkilmişdir.

Xidmət mərkəzi sakinlərin rahatlığına hesablanıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göynük kəndində xidmət mərkəzinin də açılışını etmişdir.

Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilməsi və sakinlərin tələbatının nəzərə alınması barədə tapşırıqlar vermişdir.

3 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub

Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri əsas götürülərək ölkəmizdə yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulmuşdur.
Noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, ümumi uzunluğu 9,5 kilometr olan Nəcəfəlidizə-Nəhəcir-Göynük kənd avtomobil yolunun yatağı genişləndirilmiş, 2,2 kilometrə asfalt örtük verilmişdir. Hazırda tikinti işləri davam etdirilir. Yolda 38 metal boru, 20 beton su keçidi qoyulmuş, 3 körpü təmir edilmiş, 1230 metr su kanalı çəkilmişdir.
Ali Məclisin Sədri Nəhəcir-Göynük kənd avtomobil yolunda işlərin davam etdirilməsi barədə tapşırıq vermişdir.

Dövlət qurumları sakinlərə vahid mərkəzdən xidmət göstərəcək

Noyabrın 22-də Göynük kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, birmərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 26 yerlik zal yerləşir. Kitabxana fondunda 6587 kitab vardır. Rabitə evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmış, telekommunikasiya şəbəkəsi yaradılmış və ilk dəfə stasionar telefon rabitə xidməti istifadəyə verilmişdir.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 58 üzvü vardır ki, onlardan da 17-si gənc, 26-sı isə qadındır. Ərazi ilk təşkilatının sədri Füzuli Məmmədov partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Bu gün Göynük kəndi bayram əhvali-ruhiyyəsindədir. Ali Məclis Sədrinin gəlişi sakinlərin böyük sevincinə səbəb olmuş, həyata keçirilən geniş quruculuq işləri ruh yüksəkliyi yaratmışdır. Diqqət və qayğı sayəsində Göynük kəndi muxtar respublikanın müasir kəndlərindən birinə çevrilmişdir. Bütün sahələr üzrə yaradılan nümunəvi şərait insanların rahat yaşamasına xidmət edir. Həyata keçirilən quruculuq işlərindən bizim ilk partiya təşkilatına da pay düşmüş, nümunəvi iş şəraiti yaradılmışdır. Bundan sonra da kəndimizin yaşıllaşdırılmasında və abadlaşdırılmasında partiya üzvləri daha böyük fəallıq göstərəcəklər”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Yaqub Xudatov demişdir: “Bu gün kəndimiz kompleks şəkildə abadlaşdırılmışdır. Sovet hakimiyyəti illərində Göynükdə heç bir tikili inşa olunmamışdır. 2004-cü ildə Ali Məclis Sədrinin tapşırığı ilə kəndimizdə yeni məktəb binası tikilmiş, bir il sonra 7 kilometr məsafədən kəndimizə içməli su xətti çəkilmiş, ötən il həmin xətt 1 kilometrə yaxın uzadılmışdır. Bu gün Göynük kəndi üçün tarixi və əlamətdar bir gündür. Çünki Babək rayonunun ucqar dağ kəndi olan Göynük müasir görkəmə qovuşur. Kənd sakinləri, əsasən, əkinçilik, arıçılıq, heyvandarlıq və maldarlıqla məşğul olurlar. Dövlətimizin diqqət və qayğısı sayəsində ailə təsərrüfatları yaradılmış şəraitdən istifadə edərək məhsul istehsalını ilbəil artırırlar. İstehsal etdikləri məhsulların bazarlarda rahat satışını təşkil edərək dolanışıqlarını təmin edirlər. Biz də qurulanları qoruyacaq, göstərilən diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik”.
Ali Məclisin Sədri iclas zalında maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsi barədə tapşırıqlar vermişdir.
Bildirilmişdir ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Babək rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi insan amilinə verilən yüksək qiymətin əyani göstəricisidir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və ehtiyac olan digər köməkçi tibbi ləvazimatlarla təmin edilmişdir.
Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, gigiyenik qaydalara əməl olunması barədə tapşırıqlar vermişdir.
Sonra sakinlərlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək demişdir: 2004-cü ildə ilk dəfə kənddə məktəb binası tikilib istifadəyə verildi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradıldı. 2014-cü ildə Göynük kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verildi, kəndin inkişafı üçün lazım olan bütün işlər həyata keçirildi.
Ali Məclisin Sədri demişdir: Göynük kəndinin eramızdan əvvəl başlayan qədim tarixi vardır. Kənd tarixi karvan yolu üzərində yerləşmiş, zaman-zaman göynüklülər digər bölgələrə köçərək məskunlaşmışlar. Hazırda Türkiyə ərazisində 3 yerdə, Azərbaycanda isə Şəki rayonunda Göynük adlı yaşayış məntəqəsi vardır. Ehtimal olunur ki, onlar da buradan vaxtilə karvan yolu ilə gedib o yerlərdə məskunlaşan sakinlərdir. Göynük səfalı və geniş imkanlara malik olan kənddir. Bu gün həm bələdiyyə və dövlət, həm də şəxsi mülkiyyətdə olan torpaqlar imkan verir ki, kəndin inkişafı bundan sonra da təmin olunsun. Göynükdə, əsasən, heyvandarlıq və maldarlıq inkişaf edib, məskunlaşma artıb, yeni evlər tikilib. Bu da inkişafın göstəricisidir. Yaradılan şəraitdən sonra məskunlaşma daha da artacaq və ərazidən səmərəli istifadə olunacaq, maldarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, bitkiçilik inkişaf etdiriləcəkdir. Bunun üçün isə lazım olan hər bir şərait var. Sakinlərin rayon mərkəzinə, Naxçıvan şəhərinə gediş-gəlişinin rahat olması üçün yol da abadlaşdırılıb. Yolda işlər hələ davam etdiriləcək. Bütün bunlar insanların rahat yaşaması üçündür. Kənd tamamilə qazlaşdırılıb, daimi elektrik enerjisi ilə təmin olunub, rabitə, internet, poçt və tibb xidməti yaradılıb.
Ali Məclisin Sədri görülən işlər münasibətilə sakinləri təbrik etmiş və əminliyini bildirmişdir ki, kənd bundan sonra da abadlaşacaq, məskunlaşma artacaqdır.
Göynük kənd sakinləri adından minnətdarlıq edən Təmleyxa İsayev demişdir: “Kəndimizdə fəaliyyət göstərən dövlət orqanları əvvəllər şəraiti olmayan vəziyyətdə əhaliyə xidmət göstərirdilər. Ali Məclis Sədrinin qayğısı ilə burada böyük quruculuq işləri görülmüşdür. Bu gün müasirtipli məktəb, kənd və xidmət mərkəzləri kənd sakinlərinin istifadəsinə verilir. Artıq hər bir şəraiti olan kənd mərkəzində həm inzibati ərazi dairəsi üzrə nümayəndəlik, həm də digər təşkilatlar əhaliyə yüksək səviyyədə xidmət göstərəcəklər. Məktəbdə tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılmışdır. Vaxtilə kəndimizdə əhalinin zəruri ehtiyaclarının ödənilməsi üçün heç bir şərait olmadığından kənd sakinləri qonşu kəndlərə və yaxud Naxçıvan şəhərinə getməli olurdular. Lakin bu gün istifadəmizə verilən müasir xidmət mərkəzi əhalinin zəruri ehtiyaclarının ödənilməsini tam təmin edəcəkdir. Kəndimizdə müasir poçt-rabitə və internet xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Yollarımız asfaltlanmış, körpü tikilmiş, kənddə müasirtipli ATS quraşdırılmış, əhali fasiləsiz elektrik enerjisi, təbii qaz və internetlə təmin olunmuşdur. Kəndimizin istər suvarma, istərsə də içməli su təminatı öz həllini tapmışdır. Görülən işlər sakinlərin rahatlığına və yaxşı yaşamasına xidmət edir”.

* * *

Göynük kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 2480 metr yeni fiber-optik, 650 metr yeraltı kabel, 1280 metr hava rabitə xətti çəkilmiş, 55 rabitə dirəyi basdırılmışdır. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənmiş, 2076 metr məsafədə məftil naqillər kabel xətti ilə əvəz edilmiş, 1200 metr hava elektrik verilişi xətti çəkilmişdir. Bundan başqa, 340 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 11 min poqonometr qaz xəttində təmir-bərpa işləri aparılmışdır.