"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
15.07.2021. Kollegiya iclası keçirilib
15.07.2021. Kollegiya iclası keçirilib

2021-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında verilmiş tapşırıqların icrası, 2021-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Dövlət Miqrasiya Xidmətində kollegiya iclası keçirilib. Kollegiya iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev geniş məruzə ilə çıxış edib.

Xidmət rəisi bildirib ki, yüksək iqtisadi potensiala malik Naxçıvan Muxtar Respublikasında həyata keçirilən ardıcıl və sistemli islahatlar yaşayış səviyyəsini xeyli yüksəltmiş, bütün sahələri əhatə edən davamlı və tarazlı inkişaf miqrasiya proseslərini sürətləndirmişdir.

Qeyd olunub ki, Xidmətin fəaliyyət istiqamətlərində prioritet yer tutan qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri I yarımil ərzində də uğurla həyata keçirilib. Belə ki, həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 77 əcnəbi aşkarlanmışdır. Aşkarlanan əcnəbilərdən 76-sı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla, 1-i barəsində isə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 1 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılmışdır. Qeyd olunan şəxs Mərkəzdə saxlanıldığı müddətdə Miqrasiya Məcəlləsində və Mərkəzin Daxili intizam qaydalarında nəzərdə tutulmuş bütün prosessual hərəkətlər yerinə yetirilmiş və  qanunla nəzərdə tutulmuş hüquqları təmin edilmişdir.

Vurğulanıb ki, hesabat dövrü ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və Xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 2096 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 1306-sı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub.

Diqqətə çatdırılıb ki, I yarımil ərzində Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına ümumilikdə 529 müraciət daxil olub. Müraciətlərin 456-sı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı, 62-si müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı, 11-i isə sorğu xarakterli müraciətlər olmuşdur. Müraciətlərin hər biri Xidmət tərəfindən tam, dəqiq və operativ qaydada cavablandırılıb.

Habelə hesabat dövründə Xidmətə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 435, daimi yaşamaq üçün icazənin verilməsi 3, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi 9, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi 109, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 140 müraciət daxil olub. Müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

Dövlət Proqramlarından irəli gələn vəzifələrin vaxtında, dəqiq və uğurlu icrasına toxunan Şahin Nəbiyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” muxtar respublikanın bir sıra dövlət orqanları kimi, Dövlət Miqrasiya Xidmətinin də vəzifə yükünü artırmış, fəaliyyət istiqamətlərini daha da genişləndirmişdir. Belə ki, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, habelə sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülmüş, eyni zamanda əcnəbilərin də muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması mütəmadi olaraq diqqət mərkəzində saxlanılmışdır.   

Muxtar respublikada mövcud ictimai-siyasi sabitlik və təhlükəsizlik mühitinin yaradıldığını diqqətə çatdıran Xidmət rəisi bildirib ki, bu gün blokadanın yaratdığı çətinliklərə baxmayaraq, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən mühüm işlər burada yaşamaq, işləmək, təhsil almaq, xüsusilə də Azərbaycan vətəndaşı olmaq arzusunda olanların sayını ildən-ilə artırmaqdadır. Reallaşdırılan çoxşaxəli, uğurlu siyasət respublikanı tərk edib digər ölkələrə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtmasına çox ciddi təsir edir. Həyata keçirilən ardıcıl və sistemli tədbirlərin məntiqi nəticəsi olaraq, I yarımil ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3 müraciət daxil olmuşdur. Hazırda həmin müraciətlər icra mərhələsindədir.

Vurğulanıb ki, muxtar respublika ərazisində müvəqqəti olan və yaşayan, habelə mövcud vəziyyətlə əlaqədar öz ölkələrinə qayıda bilməyən əcnəbilərin olma və yaşamalarının leqallaşdırılması ilə bağlı da Xidmət tərəfindən zəruri tədbirlər görülmüş və onların ölkədə olmaları qanuniləşdirilmişdir. Bu səbəbdən I yarımil ərzində müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 80 müraciət daxil olmuş və icrası təmin edilmişdir.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.