"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
14.01.2022. Əməkdar rəssamın sərgisi açılıb
14.01.2022. Əməkdar rəssamın sərgisi açılıb

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın fərdi yaradıcılıq sərgisi açılıb

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda  Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı fərdi yaradıcılıq sərgisi açılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə Rəssamlar Birliyinin 40 və 50 illik yubileyləri qeyd olunmuş, yeni bina istifadəyə verilmişdir. Bütün bunlar göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də muxtar respublika rəssamlarının məsuliyyətini daha da artırır. Bu günədək keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarında, ümumilikdə, 36 ölkədən 250-yə yaxın rəssam iştirak etmişdir. Təbii ki, bu da Naxçıvanda sənətə verilən dəyərin daha bir ifadəsidir. Sevindirici haldır ki, bu gün Naxçıvan rəssamlıq məktəbində varislik təmin olunmuş, gənc və istedadlı rəssamlar yetişmiş, onların yaradıcılığı hərtərəfli stimullaşdırılmışdır. Hər il Rəssamlar Birliyində onlarla sərgi açılır, yüzlərlə yeni əsər nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı sərgisi də bu qəbil sərgilərdəndir. Rəssamın əsərləri özünəməxsus üslubda yaradılıb. O bizim gözümüzlə gördüyümüz, məişətdə istifadə etdiyimiz əşyaları natürmortlarında öz baxış prizmasından, dərin məzmun çalarları ilə nümayiş etdirir. Rəssamın əsərlərində cəsarətli rəng seçimi və hökmranlıq edən güclü fırça zərbələri müşahidə edilir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmaları üçün şəraiti təmin etməliyik” fikrini diqqətə çatdıraraq demişdir: Bu gün ölkəmizdə ümummilli liderimizin yolunun uğurla davam etdirilməsi və bu yola sədaqət rəssamlıq sənəti sahəsində də uğurların qazanılmasına şərait yaradır. Bu sahədə təhsilin bütün pillələri – orta ixtisas, ali və akademik pillələri təmin olunmuş, sərgi salonları, emalatxanalar və qalereyalar istifadəyə verilmişdir. Eyni zamanda rəssamların əməkləri qiymətləndirilir, fəxri adlar verilir, Prezident mükafatına və təqaüdünə layiq görülürlər. Bunlar ölkəmizdə rəssamlıq sənətinə göstərilən dövlət qayğısının ifadəsidir. 

Ali Məclisin Sədri demişdir: Rəssamlıq daim diqqətçəkən peşələrdən olmuşdur. Ona görə ki, sənətə qiymət verilən bütün dövrlərdə rəssamlıq peşəsinə böyük maraq olub. Elə peşələr var ki, onlar istedad tələb edirlər. Rəssamlıq, şairlik də belə peşələrdəndir. Ədəbiyyat üzrə təhsil alanların hamısı şair, rəssamlıq məktəbini bitirənlərin hamısı rəssam ola bilmir. Böyük rəssam və heykəltəraş Leonardo da Vinçi deyirdi ki, “Rəsm görünən şeirdir, şeir isə eşidilən rəsmdir”. Ona görə də bu sahədə təhsillə bərabər, istedad da mühüm rol oynayır. Bu gün sərgisi keçirilən Leyla Əzimbəyovanın özünəməxsus janr üslubu var. Onun əsərlərində həyat olduğu kimi görünür, rəng seçimləri heç də bədbin deyil, əhvali-ruhiyyə yaradan rənglərdir. Leyla Əzimbəyovanın fərdi yaradıcılıq sərgisi Bakı şəhərindən sonra Naxçıvanda keçirilir, onun əsərləri ölkəmizin tanınmış rəssamları tərəfindən yüksək dəyərləndirilir. 
“Bugünkü sərgi muxtar respublikanın mədəni həyatında bir hadisədir. Çünki Leyla Əzimbəyovanın yaradıcılığı muxtar respublikanın, ümumilikdə isə ölkəmizin rəssamlıq sənəti sahəsində yeni bir formadır, janrdır”, – deyən Ali Məclisin Sədri bu münasibətlə rəssamları və Leyla Əzimbəyovanı təbrik etmişdir. Qeyd olunmuşdur ki, sərginin bir əhəmiyyəti də ondan ibarətdir ki, həm Bakıda, həm də Naxçıvanda satılacaq əsərlərdən əldə olunacaq vəsaitlər ölkə Prezidenti tərəfindən yaradılmış “YAŞAT” Fonduna köçürüləcəkdir ki, bu da ərazi bütövlüyümüzün bərpa olunmasında sağlamlığını itirmiş qazilərin müalicəsinə və digər işlərə sərf olunacaqdır. 

Ali Məclisin Sədri bu təşəbbüsə görə rəssama təşəkkür etmiş, sərginin uğurlu olmasını arzulamışdır.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları sərgiyə baxmışlar.
Məlumat verilmişdir ki, sərgidə Leyla Əzimbəyovanın əsərləri əsasında hazırlanan “Fərqli olaraq” adlı albom-kataloqu və rəssamın “Möminə xatın”, “O vaxtkı toylar”, “İndiki toylar”, “Yaşanmışlıq”, “Söhbət”, “Bağda”, “Arpaçay”, “Biçənək”, “Payız nemətləri”, “Xatirələr”, “Payız” olmaqla, ümumilikdə, 38 əsəri nümayiş etdirilir. Sərgidə rəssamın portret, peyzaj, kompozisiya və natürmort janrlarında çəkdiyi əsərlər dərin məzmunu və yaradıcılıq xüsusiyyətləri ilə seçilir. Bu əsərlərdə həyat eşqi, insan və təbiətə doğma münasibət diqqəti daha çox cəlb edir. 
Rəssam Leyla Əzimbəyova “Arpaçay” əsərini Ali Məclisin Sədrinə hədiyyə etmişdir.
Ali Məclisin Sədri demişdir ki, Naxçıvanın təbiəti rəssamlar üçün geniş yaradıcılıq imkanları açır. Yəni Naxçıvan sənət baxımından çox zəngin və özünəməxsusdur. Bu illər ərzində muxtar respublikanın rəssamlıq sənətində xeyli uğurlar, irəliləyişlər əldə olunub. 1990-cı illərin acı nəticələri rəssamlıq sənətinə də zərbə vurmuş, bir sıra rəssamlar başqa ölkələrə getmiş, bəziləri peşəsini dəyişmişdir. Sonrakı illərdə görülmüş tədbirlər bu sahəni də bərpa etdi. Hazırda muxtar respublika rəssamlarının əsərləri nəinki ölkəmizdə, həm də beynəlxalq sərgilərdə nümayiş olunur. 
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə etdiklərinə görə muxtar respublika rəssamlarına təşəkkür etmişdir. 
Sonda xatirə şəkli çəkdirilmişdir.