"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
13.07.2021. Kompleks quruculuq işləri aparılır
13.07.2021. Kompleks quruculuq işləri aparılır

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılmış, ölkənin gələcək müstəqilliyinin təməli qoyulmuşdur. Ulu öndərin əsasını qoyduğu sürətli sosial-iqtisadi inkişaf xətti bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər il dahi şəxsiyyətin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir, muxtar respublikamızın bütün bölgələri inkişafın yeni mərhələsinə qovuşur. Görülən işlərin davamı olaraq ulu öndərin "Azərbaycanın incisi" adlandırdığı Ordubad rayonunun Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilir.

Vələver, Dırnıs və Kələki kəndlərində əhalinin rahatlığı üçün müasir şərait yaradılır

Vələver, Dırnıs və Kələki kəndləri həyata keçirilən quruculuq tədbirləri ilə muxtar respublikanın müasir kəndləri sırasına qoşulur. Tikintisi aparılan yeni məktəb binaları, kənd və xidmət mərkəzləri sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də kəndlərin ümumi mənzərəsinə yeni gözəlliklər əlavə edəcəkdir.
İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində inşa olunan sosial obyektlərdə aparılan tikinti işlərinə baxmışdır.

Bildirilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq 198 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar nəzərdə tutulmuşdur.
Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə, statistika otağı, eləcə də klub fəaliyyət göstərəcəkdir. Yeni feldşer-mama məntəqəsi isə tibbi xidmətin keyfiyyətini daha da artıracaqdır. Tikintisi aparılan xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşəcəkdir.
Sonra Ali Məclisin Sədri Dırnıs kəndinə gəlmiş, aparılan quruculuq işləri ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Dırnıs kəndində 216 şagird yerlik məktəb binası əsaslı şəkildə yenidən qurulur, müasir xidmət və kənd mərkəzləri, həkim ambulatoriyası tikilir. Təhsilin müasir tədris metodları səviyyəsində tədris olunmasına imkan verəcək məktəb binasında laboratoriyalar, şahmat, kompüter otaqları, hərbi kabinə, elektron lövhəli siniflər, kitabxana, idman zalı yerləşəcək, ətrafda yaşıllıqlar salınacaqdır. Dırnıs Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliklə yanaşı, digər dövlət qurumları üçün də otaqlar yerləşəcəkdir. Əhalinin sağlamlığında mühüm əhəmiyyətə malik olacaq yeni həkim ambulatoriyasında kənd sakinlərinin sağlamlığı qorunacaq, eyni zamanda vaxt itkisinin qarşısı alınacaqdır. Kənd sakinlərinin rahatlığını təmin edəcək xidmət mərkəzində istehlakçıların gündəlik tələbatı nəzərə alınmaqla daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcəkdir.
Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən Kələki kəndinə də pay düşmüşdür. Görülən bu işlər dövlətimizin insan amilinə verdiyi dəyərin ifadəsidir.
Ali Məclisin Sədri həmin gün Kələki kəndində də olmuş, quruculuq işlərinin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, kənddə kənd və xidmət mərkəzləri tikilir. Burada dövlət qurumlarının müasir binada fəaliyyət göstərməsi kənd sakinlərinin rahatlığına xidmət edəcəkdir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə evi, arxiv, eləcə də klub fəaliyyət göstərəcəkdir. Kənd mərkəzində feldşer-mama məntəqəsinin fəaliyyəti üçün də şərait yaradılır. Ərazidə yaşıllaşdırma işləri həyata keçiriləcəkdir.

Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur


Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Görülən işlərin davamı olaraq Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur.

İyulun 13-də Ali Məclisin Sədri avtomobil yolunda görülən işlərlə tanış olmuşdur.

Bildirilmişdir ki, ümumi uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda 3 körpü əsaslı təmir olunub, 2 suötürücü kanal tikilib, su keçidləri və 8800 metr suaparıcı kanalın qurulmasına başlanılıb. Həmçinin burada istinad divarları tikilir, torpaqbərkitmə işləri görülür. Yoldakı qayalar texnika vasitəsilə dağıdılaraq yol yatağı genişləndirilir. Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri kənddaxili yollarına isə qum-çınqıl qatı verilir.

Quruculuq tədbirləri turizm bölgəsi olan Unus və Pəzmərinin inkişafına töhfədir


Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur.
İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanmışdır.
Bildirilmişdir ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otağı, STEAM kabinəsi, elektron lövhəli sinif, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar yerləşəcəkdir. Dövlət qurumlarının birgə fəaliyyətində mühüm əhəmiyyətə malik olacaq kənd mərkəzində tikinti işləri keyfiyyətlə aparılır. Binada fəaliyyət göstərəcək feldşer-mama məntəqəsində yaradılan şərait kənd əhalisinin sağlamlığının qorunmasına, peyvəndlərin vaxtında vurulmasına imkan verəcəkdir. Xidmət mərkəzində isə bərbərxana, ət satışı yeri, ərzaq mağazası fəaliyyət göstərəcəkdir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq, sakinlər işlə təmin olunacaqdır.

Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, Unus kəndində də quruculuq işləri həyata keçirilir. Kənddə kənd və xidmət mərkəzləri tikilir.
Unus kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Hacıyev demişdir: "Vaxtilə bu kəndlərdə elektrik enerjisi, təbii qaz, yol infrastrukturu yox idi. İndi isə kəndlər tamamilə qazlaşdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunub, yollar abadlaşdırılıb. 70 il Sovetlər Birliyi dönəmində kəndlərimizə göstərilməyən qayğı Ali Məclis Sədrinin rəhbərliyi ilə qısa zamanda öz həllini tapdı. Bunun üçün bütün kənd sakinləri adından minnətdarlığımı bildirirəm".
Ali Məclisin Sədri demişdir: Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir.
Ali Məclisin Sədri kəndlərdə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri gözəlliyi ilə turistləri cəlb edən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə olmuş və Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması barədə tapşırıq vermişdir.

* * *

Həmin gün Ali Məclisin Sədri Anaqut kəndi ərazisində inşa edilən “Xan Çinar” İstirahət Mərkəzində də olmuş, görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kotejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran vardır.
Ali Məclisin Sədri istirahət mərkəzinə gedən yolun abadlaşdırılması, ərazidə yaşıllıqların artırılması barədə tapşırıqlar vermişdir.