"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
12.01.2022. Kollegiya iclası keçirilib
12.01.2022. Kollegiya iclası keçirilib

Görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində 2021-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr barədə geniş məruzə edərək muxtar respublikaya gələn əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin qeydiyyatı, müvəqqəti və daimi yaşaması, iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və  miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınmasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2021-ci ildə də ciddi nəzarətdə saxlanıldığını bildirib.

Vurğulanıb ki, hesabat dövrü ərzində qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 301 əcnəbi aşkarlanıb. Aşkarlanan əcnəbilər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Eyni zamanda Miqrasiya Məcəlləsinə əsasən, 2 əcnəbi barəsində ölkə hüdudlarından kənara çıxarma barədə qərar qəbul edilmişdir.

Diqqətə çatdırılıb ki, 2021-ci il ərzində miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 2 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılmışdır. Miqrasiya Məcəlləsi və Mərkəzin Daxili intizam qaydalarına əsasən, qeyd olunan şəxslər barəsində bütün prosessual hərəkətlər yerinə yetirilmiş, hüquqları təmin edilmiş, habelə qanunvericiliyin tələbləri rəhbər tutulmaqla müvafiq tədbirlər görülmüşdür.

Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və Xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 6376 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 3605-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub. Müraciətlərdən 2427-si şəxsən, 1178-i isə Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına daxil olmuşdur.

Habelə ötən il ərzində Xidmətə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 1839, yenidən rəsmiləşdirilməsi üçün 10, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 7, yenidən rəsmiləşdirilməsi üçün 1, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilmə n si ilə əlaqədar isə 489 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.  Həmçinin müvafiq əsaslarla 201 müvəqqəti yaşama icazəsi, 70 iş icazəsi və 1 daimi yaşama icazəsi ləğv edilmişdir.

Bu gün muxtar respublikada biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılması, yeni müəssisələrin qurulması, iş yerlərinin, sosial obyektlərin açılışı, o cümlədən investisiya fəallığının güclənməsi nəticəsində əməkçi miqrantların marağının daha da artığını deyən Şahin Nəbiyev 2021-ci ildə əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi ilə bağlı Xidmətə 207 müraciətin daxil olduğunu vurğulayıb.

Qeyd edilib ki, bütün parametrlər üzrə əldə edilən davamlı və dayanıqlı inkişaf, eyni zamanda təhlükəsizlik və əmin-amanlıq sayəsində muxtar respublikamızda yaşamaq, işləmək və təhsil almaqla bərabər, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı da hər ötən il artmaqdadır. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, 2021-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 2-si icra edilmiş, 1-i isə hazırda icra mərhələsindədir. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ölkə Prezidentinin imzaladığı Sərəncamla Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi keçirilib.

“Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulan vəzifələr əsas götürülərək vaxtında və dəqiq yerinə yetiriləcək, miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində  maksimum qüvvə və səy göstəriləcəkdir” deyərək Xidmət rəisi eyni zamanda diqqətə çatdırıb ki, Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin məmnunluğunun təmin olunması daim diqqətdə saxlanılmaqla, bundan sonra da xidməti fəaliyyət müasir tələblər səviyyəsində davam etdiriləcəkdir.

İclasda hesabat dövrü ərzində görülən işlərlə bərabər, yol verilmiş nöqsan və çatışmazlıqlar da müzakirə edilib.

Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.