"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
10.01.2020. Kollegiya iclası keçirilib
10.01.2020. Kollegiya iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələr barədə məruzə edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məslisi Sədrinin rəhbərliyi, böyük əzmkarlığı və ali diqqəti sayəsində muxtar respublikanın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər-iqtisadi inkişaf, yeni iş yerlərinin, sosial-obyektlərin açılışı, təhsilin inkişafı sahəsində görülən işlər, turizmin kompleks şəkildə və davamlı inkişafı və ən önəmlisi təhlükəsizliyin mütləq sürətdə qorunması əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müxtəlif məqsədlərlə Naxçıvan Muxtar Respublikasına gəlmələrinə geniş imkanlar yaratmışdır.

Bu baxımdan muxtar respublikaya gələn əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin qeydiyyatı, müvəqqəti və daimi yaşaması, iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və  miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması Dövlət Miqrasiya Xidməti tərəfindən 2019-cu ildə də ciddi nəzarətdə saxlanılıb. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məslisinin Sədri cənab Vasif Talıbovun Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyduğu əsas vəzifələrdən biri də qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirləridir. Görülmüş tədbirlər nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyinin tələblərini pozan 202 əcnəbi aşkarlanıb ki, onlardan da 197-si barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilib, 56 nəfər tətbiq edilmiş cəriməni ödəmədiyindən, cərimə ödənilənədək ölkə ərazisinə girişinə məhdudiyyət qoyulub. Həmin əcnəbilərdən 5-i barəsində isə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə inzibati tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir.

Şahin Nəbiyev diqqətə çatdırıb ki, 2019-cu il ərzində qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş 1 əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilmişdir. Qeyd olunan şəxslər Mərkəzdə saxlanıldığı müddətdə Miqrasiya Məcəlləsində və Mərkəzin Daxili intizam qaydalarında nəzərdə tutulmuş bütün prosessual hərəkətlər yerinə yetirilmiş, onların qanunla nəzərdə tutulmuş hüquqları təmin edilmişdir. 

Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və Xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 10613 müraciət daxil olub ki, həmin  müraciətlərdən 8624-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlıdır. Müraciətlərdən 5010-u şəxsən, 3614-ü isə konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına daxil olmuşdur.

Vurğulanıb ki, il ərzində Xidmətin e-mail ünvanına və elektron hökumət portalına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, müvəqqəti yaşama, iş icazələrinin verilməsi və sorğu xarakterli ümumilikdə 3868 müraciət daxil olub. Daxil olan hər bir müraciət Xidmət tərəfindən tam, dəqiq və operativ cavablandırılıb.

2019-cu ildə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Xidmətə 1298, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 16, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 9, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 55, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 1, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 606 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

Xidmət rəisi bildirib ki, muxtar respublikamızın sosial-iqtisadi inkişafı sayəsində burada yaşamaq, işləmək, təhsil almaq, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ilbəil artır. Aparılan uğurlu siyasət vaxtilə respublikanı tərk edib digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edir. Reallaşdırılan tədbirlərin məntiqi nəticəsi olaraq, cari il ərzində muxtar respublikada 2 nəfər Azərbaycan vətəndaşlığına qəbul olub, 1 nəfərin isə vətəndaşlığı bərpa edilmişdir.

Maarifləndirmə mövzusuna xüsusi toxunularaq qeyd edilib ki, əcnəbilərin muxtar respublikamızda təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri nə qədər önəmlidirsə, hüquq və azadlıqları, vəzifələri, eyni zamanda miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da bir o qədər diqqətdə saxlanılan prioritet məsələdir. Bu məsələnin aktuallığı nəzərə alınaraq, Xidmət tərəfindən mütəmadi olaraq müxtəlif  məzmunlu maarifləndirmə tədbirləri reallaşdırılır. Tədbirlərin yekununda onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə, turizm məkanlarına ekskursiyaları da təşkil olunur.

Sonra məruzə ətrafında müzakirələr olub.

Kollegiya iclasında Xidmətin 2020-ci il üçün iş planı təsdiq edilib.

Kollegiya iclasına yekun vuran Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev Xidmətin bütün şöbələrinə müvafiq tapşırıqlarını verib, növbəti ildə də vətəndaşlarla  münasibətdə etik davranış qaydalarına mütləq surətdə əməl edilməli olduğunu diqqətə çatdırıb və qarşıya qoyulan vəzifələrin icrasında əməkdaşlara uğurlar arzulayıb.