"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
09.06.2021. Milli Qurtuluşdan tərəqqiyə
09.06.2021. Milli Qurtuluşdan tərəqqiyə

Duzdağda yeni şaxta istifadəyə verilib

1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtmış, müstəqilliyimizi və dövlətçiliyimizi xilas etmişdir. Həmin gün ölkəmizin taleyində dönüş anı olmuş və böyük Qurtuluşa doğru  mühüm addım atılmışdır. O addım suverenliyin, sabitliyin və  sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirmiş, xalqımızı nicat yoluna çıxarmışdır.

İyunun 9-da-Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxta istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın təbii sərvətləri təkcə neft və qazdan ibarət deyildir. Biz bir çox başqa yeraltı sərvətlərə də malikik... Bu sərvətlərdən də səmərəli istifadə etməliyik”. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ulu öndərin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi təbii sərvətlərimizdən xalqımızın rifahı və ölkəmizin inkişafı naminə səmərəli istifadə olunur. Duzdağda yeni şaxtanın istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır.

Ali Məclisin Sədri demişdir: Duzdağ mədənçiliyinin qədim tarixi vardır. Hələ Eneolit dövründən başlayaraq əcdadlarımız Naxçıvanda duz çıxarılması ilə məşğul olmuş, eradan əvvəl IV minillikdə bu proses daha da genişlənmiş, duzdan tədavül vasitəsi kimi istifadə olunmuşdur. Bəzi mənbələrdə isə bu ərazidə duz çıxarılması Nuh Peyğəmbərlə əlaqələndirilir. Duz mədənçiliyinin inkişafı Duzdağ ətrafında məskunlaşmaya, icmalararası və şəhərlərarası əlaqələrin qurulmasına təkan vermiş, ticarət və sənətkarlıq inkişaf etmiş, Naxçıvanda şəhər mədəniyyəti formalaşmışdır. Dünya səyyah və coğrafiyaşünaslarının əsərlərində də Naxçıvanda duz çıxarılmasından geniş bəhs olunmuşdur. Tarixçi və coğrafiyaşünas Zəkəriyyə əl-Qəzvininin “Ölkələrin abidələri və məbudların xəbərləri” əsərində XII yüzillikdə Naxçıvanda duz çıxarılması barədə məlumat verilir. 1833-cü ildə rus tədqiqatçısı Qriqoryev tərəfindən tərtib edilmiş “Naxçıvan əyalətinin statistik təsviri” kitabında isə Naxçıvan duzu barədə yazılır: “Bu duz keyfiyyətinə görə bütün Zaqafqaziyada məşhurdur. Qarabağdan, Yelizavetpol dairəsindən, Şərurdan və Naxçıvanın bütün kəndlərindən bura  karvanlar gəlir. Aprel ayından oktyabr ayınadək duz istehsalının əhatə dairəsi daha da genişlənir”. Digər bir tarixi sənəddə - Qafqaz Dağ İdarəsinin 1889-1907-ci  illər üzrə hesabatında isə Naxçıvan mədənində ildə 3 min tona yaxın duz çıxarıldığı qeyd olunur.

Ali Məclisin Sədri demişdir: XX əsr Naxçıvan duz mədənçiliyi tarixində yeni mərhələdir. 1917-ci ildə Duzdağda əsaslı istismar işlərinə, 1927-ci ildə  isə ilk dəfə sənaye üsulu ilə duz çıxarılmasına başlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə muxtar respublikada dağ-mədən sənayesinin inkişafına və duz istehsalının artırılmasına nail olunmuş, duz mədəninin maddi-texniki bazası gücləndirilmiş, nəticədə, ötən əsrin 80-ci illərində duz istehsalının həcmi 1940-cı illə müqayisədə 2 dəfə artmışdır. Müstəqillik illərində Naxçıvan duzunun tarixi şöhrətinin özünə qaytarılması və duz istehsalının genişləndirilməsi ilə yanaşı, Duzdağ mədəniyyəti də öyrənilmiş, arxeoloji tədqiqatlar aparılmış, beynəlxalq elmi simpozium və konfranslar keçirilmişdir. Bu gün milli sərvətimiz olan Duzdağ tarixi-mədəni dəyəri, iqtisadi əhəmiyyəti, şəfaverici xüsusiyyəti və turizm cəlbediciliyi ilə dünyaya təqdim olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır”.    

Qeyd olunmuşdur ki, muxtar respublikada duzun təhlükəsiz və iqtisadi cəhətdən daha rentabelli üsullarla çıxarılması, daşınması, emalı və ixracı diqqətdə saxlanılır. 2018-ci ildən etibarən Duzdağda axtarış və kəşfiyyat işləri aparılmış, duz ehtiyatı 15 milyon ton olan şaxta qazılmış, ərazidə yeni istehsal kompleksinin tikintisinə başlanmış, duz mədənləri xüsusi qorunan ərazilərin kateqoriyasına aid edilərək xəritəsi hazırlanmışdır. Yeni duz şaxtasının və istehsal kompleksinin muxtar respublika üçün böyük iqtisadi əhəmiyyəti vardır. Uzun illər bu şaxtadan istifadə olunacaq, Naxçıvan duzunun istehsal həcmi artacaq, daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də xarici bazarlara çıxış imkanı yaranacaqdır.

"Duzdağda yeni şaxtanın istifadəyə verilməsi işin bir tərəfidir. Əsas məsələ mövcud duz ehtiyatından səmərəli istifadə etməkdir",-deyən Ali Məclisin Sədri bildirmişdir ki, İqtisadiyyat Nazirliyi bu məsələyə diqqəti artırmalı, istismar qaydalarına əməl olunmalı, mədən işlərində və istehsal prosesində itki minimum həddə saxlanılmalıdır. Vurğulanmışdır ki, muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra isə birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaqdır. Bu da daxili tələbatı ödəməklə yanaşı, həm də böyük ixrac potensialı deməkdir. İqtisadiyyat Nazirliyi Naxçıvan duzunun ixrac imkanlarını araşdırmalı, xarici bazarlar öyrənilməli, məhsulun çeşidi və həcmi artırılmalıdır.

Ali Məclisin Sədri demişdir: Mədəndən götürülmüş daşduzun keyfiyyət göstəriciləri yüksəkdir. Analiz nəticəsində natrium-xloridin miqdarının 97 faiz olduğu müəyyən edilmişdir. Bütün bunlara baxmayaraqAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehsal prosesində keyfiyyətə və texniki şərtlərə xüsusi diqqət yetirməli, standartların tələbi qorunmalıdır. Duz şaxtasında təhlükəsiz iş şəraitinin yaradılması qarşıda duran əsas vəzifədir. Ona görə də mədən işlərinə yalnız xüsusi ixtisas hazırlığı olan mütəxəssislər cəlb olunmalı, Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik qaydalarını və texnoloji rejimi mütəmadi nəzarətdə saxlamalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi şaxtanın dağ-mədən-texniki, hidrogeoloji və ekoloji vəziyyətini davamlı yoxlamalı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni istehsal kompleksinin tikintisini qısa müddətdə başa çatdırmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulamış, Qurtuluş bayramı ərəfəsində yeni duz şaxtasının istifadəyə verilməsi münasibətilə kollektivi və tədbir iştirakçılarını, eləcə də bütün muxtar respublika əhalisini təbrik etmiş, bu işdə əməyi olanlara təşəkkürünü bildirmişdir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir: 2017-ci ilin oktyabr ayında “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli şaxtasında aparılan araşdırma zamanı yeraltı avadanlıqların uzun müddət istismar olunduğu, mağaradan istifadənin iqtisadi cəhətdən səmərəli olmadığı və şaxtanın istismar müddətinin başa çatdığı nəzərə alınaraq fəaliyyəti dayandırılmışdır. Qazma işləri yerüstü istismar üsulu ilə həyata keçirilmişdir. 2018-ci ildə Duzdağda kəşfiyyat quyuları qazılmış, 133 metr dərinlikdəki 1 saylı quyuda 11,6 metr qalınlığında, 101 metr dərinlikdəki 6,5 metr qalınlığında daşduz layı kəsilmiş, 2019-cu ilin dekabr ayında isə yeni şaxtanın inşasına başlanılmışdır. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya biləcək ki, bu həm vaxt itkisinin qarşısını alacaq, həm də mədən işçilərinin əməyini xeyli yüngülləşdirəcək. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. Hazırda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılmışdır. Yeni müəssisə istifadəyə verildikdən sonra Naxçıvan duzu ən müasir vasitələrlə daha keyfiyyətli istehsal olunaraq dünya bazarına çıxarılacaq.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev çıxış edərək demişdir ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, onun Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin maddi texniki imkanları tam yenilənmişdir. İdarə üçün Culfa şəhərində ən müasir tələblərə cavab verən Geoloji Baza qurulmuş, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya istifadəyə verilmişdir. Yaradılan şərait isə Duzdağ daşduz yatağında geoloji kəşfiyyat işlərinin aparılmasına əlverişli imkan yaratmışdır. Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən Duzdağ yatağının Naxçıvan sahəsində yeni istismar şaxtasının yerinin müəyyənləşdirilməsi məqsədilə geoloji kəşfiyyat işləri aparılmış, 3 quyu layihələndirilmişdir. Qazılmış 1 saylı axtarış quyusuna istinad edilərək Naxçıvan sahəsində yeni şaxtanın yeri müəyyən olunmuşdur. Yeni şaxtanın qazılması zamanı yatağın geoloji vəziyyəti nəzərə alınmaqla əvvəlki illərdə aparılmış axtarış, kəşfiyyat işlərinin nəticələri hərtərəfli araşdırılmış, yenidən yoxlanılmış, yatağın geoloji quruluşu öyrənilmişdir. Mayis Əliyev bundan sonra da muxtar respublikanın yeraltı və yerüstü təbii sərvətlərinin qorunması və səmərəli istifadəsi ilə bağlı vəzifələrin layiqincə həyata keçiriləcəyini bildirmişdir.

Duzdağ duz mədənlərinin topoqrafik xəritəsinə və sxematik planına baxış zamanı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat vermişdir ki, yeni şaxtanın açılması üçün 227 hektar torpaq sahəsi ayrılaraq duz mədənlərinin ümumi ərazisi 994 hektara çatdırılmışdır. İstismar olunmuş və yeni şaxtanın yerləşdiyi bu ərazi tarixi-mədəni, iqtisadi, turizm-rekreasiya və təbii müalicə əhəmiyyətli ərazi kimi mühafizə olunması məqsədilə xüsusi qorunan torpaqlar kateqoriyasına daxil edilmişdir. Duzdağda qazılmış axtarış quyularının koordinatları dəqiqləşdirilərək topoqrafik plana salınmışdır. Şaxtaların sxematik və əhatə etdiyi ərazilərin topoqrafik planları, Naxçıvan-Duzdağ Fizioterapiya Mərkəzi turist marşrutu xəritəsi hazırlanmış, xəritə və planlar toplu şəklində nəşr olunmuş, həmçinin xidmətin elektron məlumat bazasına əlavə edilmişdir. Bu xəritələrdə təkcə informasiya almaq məqsədilə deyil, həm də ərazi ilə bağlı bir çox məsələlərin həllində istifadə etmək mümkündür.

Ali Məclisin Sədri Duzdağ duz mədəni tunelinin tikintisi zamanı çəkilən fotoşəkillərə və duz mədənləri ərazisindəki şaxtaların sxematik planına da baxmışdır.

Sonra şaxtanın qazılmasında əməyi olanlara hədiyyələr təqdim olunmuşdur.

Şaxtaçı Ceyhun Hüseynov kollektiv adından minnətdarlıq edərək demişdir: "Bu gün biz şaxtaçılar üçün çox əlamətdar bir gündür. Belə bir şaxtanın açılması Naxçıvan duzunun şöhrətini qaytarmaqla yanaşı, gələcək nəsillərin də gəlir mənbəyinə çeviriləcəkdir. 20 ildir, duz mədənində çalışıram. Köhnə duz mədəni bağlandıqdan sonra yenidən şaxtada çalışacağımı xəyal edirdim. Yeni şaxta muxtar respublikamızın tarixində qalacaq ən önəmli hadisə olmaqla yanaşı, gələcəkdə burada ixtisaslı mühəndislərin, şaxtaçıların yetişməsinə şərait yaradacaqdır. Bu tarixə şahidlik etmək bizim üçün xoşbəxtlikdir. Yaradılan şəraitdən səmərəli istifadə edəcək, muxtar respublikanın inkişafı naminə var-qüvvəmizlə çalışacağıq".

Ali Məclisin Sədri şaxtada yaradılan şəraitlə maraqlanmış, muxtar respublikada satışı həyata keçirilən duz məhsullarına, eləcə də şaxtanın istismar planına baxmışdır.

Yeni şaxtaya baxış zamanı məlumat verilmişdir ki, Duzdağdakı 133 metr dərinlikdəki 1 saylı kəşfiyyat quyusunda 11,6 metr qalınlığında, 101 metr dərinlikdəki 2 saylı quyuda isə 6,5 metr qalınlığında daşduz layı kəsilmişdir. Ərazidə tikintisi davam etdirilən yeni duz istehsalı müəssisəsindən şaxtayadək 3 kilometr uzunluğunda yol, 3,6 kilometr uzunluğunda elektrik xətti çəkilmiş, işıqlandırma sistemi qurulmuşdur. Tunelin döşəmə və divarları monolit betonla möhkəmləndirilmiş, yük avtomobillərinin hərəkəti təmin edilmiş, ehtimal olunan qrunt sularının qarşısını almaq üçün drenaj çəkilmişdir. Yeni şaxtadan götürülmüş daşduzun analizi nəticəsində natrium-xloridin miqdarının 97 faiz təşkil etdiyi müəyyən edilmişdir.

Sonra Ali Məclisin Sədri idarəetmə qurğusunu işə salmış, şaxtada ilk partlayış olmuş və duzun çıxarılmasına başlanılmışdır.

Ali Məclisin Sədri muxtar respublikada tunel-qazıntı işlərinin yerli şirkətlər tərəfindən uğurla həyata keçirildiyini bildirmiş, təhlükəsizlik qaydalarına əməl olunması və işçilər üçün kursların keçirilməsi barədə tapşırıqlar vermişdir.