Ümumi məlumat
Naxçıvan Muxtar Respublikası haqqında
Rəsmi adı: Naxçıvan Muxtar Respublikası
Yarandığı tarix: 9 fevral 1924-cü il
Paytaxtı: Naxçıvan şəhəri
Ərazisi: 5502,75 km2
Dövlət dili: Azərbaycan dili
Pul vahidi: Manat
Əhalisi (1000 nəfərlə): 464896 (01.10.2022-ci il)
Milli tərkibi: 99,6% azərbaycanlı (2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasına əsasən)
1 km2 düşən əhali (nəfərlə): 84
1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən Naxçıvan Muxtar Respublikası - Azərbaycan Respublikasının tərkibində muxtar dövlət adlanmışdır.
Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə və cənubda Türkiyə (15 km) və İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Naxçıvan Muxtar Respublikasının Ermənistan ilə təbii sərhədini, əsasən, Zəngəzur və Dərələyəz silsilələrinin suayırıcıları, Türkiyə və İranla sərhədini isə Araz çayı təşkil edir.
İnzibati bölgü
Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub. 5 şəhəri, 8 qəsəbəsi, 205 kəndi vardır.
İdarəetmə quruluşu
Azərbaycan Respublikasının 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş yeni Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Muxtar dövlətin özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi vardır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Konstitusiyaya əsasən muxtar respublikanın Ali vəzifəli şəxsidir. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. Naxçıvan Muxtar Respublikasının qanunları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanır.
Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.
Naxçıvan Muxtar Respublikasında idarəetmə sistemi Azərbaycan Respublikası ilə eyniyyət təşkil edir. Muxtar respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə olunur. İcra hakimiyyətlərinin başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar.
Təbiəti
Naxçıvan Muxtar Respublikası Kiçik Qafqazın cənub-qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR-in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m-dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsini isə bir-birindən dağ qolları və tirələrilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur.
Muxtar Respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m), eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 m yuxarıda yerləşir.
Naxçıvanın iqlimi kəskin kontinentaldır. Ordubad rayonu ərazisində quru subtropik iqlim tipinə rast gəlinir. Mütləq minimum temperatur -31 S (Dərvişlər), mütləq maksimum temperatur 44 S-dir (Culfa).
Tarixi
Naxçıvan dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
Ən qədim yer adlarından olan "Naxçıvan" toponimi əfsanəvi Nuh peyğəmbərlə bağlı "dünya tufanı" ilə də əlaqələndirilir. Bu el mülahizəsinə görə, "Naxçıvan" sözü üç hissədən - "Nax" (Nuh), türk dillərində isim düzəldən "çı" şəkilçisindən və yer, məkan bildirən "van" toponimik formatından ibarət olub, "Nuhçuvan"-"Nuhçuların (Nuh tərəfdarlarının) məskəni", "Nuhun diyarı" deməkdir.
Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr Naxçıvan şəhər mədəniyyətinin 5 min ildən çox yaşı olduğunu sübut edir. Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermişdir. Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulmuş, X əsrdə "Naxçıvan şahlığı", XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə "Naxçıvan xanlığı", XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. 1918-ci ildə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı olmuşdur. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir.
Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Naxçıvanın tarixi taleyi 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapmışdır. Bu müqavilələrdə Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuş, bu ərazinin toxunulmazlıq hüququ təsbit edilmişdir.
Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990–93-cü illərdə ümummilli lider Heydər Əliyevin burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın təkidli istək və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öhdəsinə götürdü.
1990-cı ilin noyabr ayının 17-də keçirilmiş Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasının qərarı ilə "Sovet", "Sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı, Ali Sovetin adının dəyişdirilib, Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olundu. Ali Məclis eyni addımın Azərbaycan Respublikasında da atılması barədə qanunvericilik təşəbbüsü ilə çıxış etdi.
1998-ci ildə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilmişdir.
Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, 25 ildən artıq bir dövrdə muxtar respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Lakin uzun sürən ağır blokada şəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra bilməmiş, əksinə daha da mətinləşdirmişdir. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Dağlıq Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməmişlər.
Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan torpağı, türk yurdudur.
Səyahət bələdçisi – Turistik məkanlar
NAXÇIVAN XAN SARAYI - Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir.
MÖMİNƏ XATUN TÜRBƏSİ - 1186-cı ildə məşhur Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbə Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindəndir. Naxçıvan şəhərinin tarixi mərkəzində-Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun Türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. El yaddaşında "Atabəy günbəzi" adlandırılır.
NAXÇIVANQALA – Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir. Elmi ədəbiyyatda və xalq arasında "Naxçıvanqala", "Köhnəqala" adları ilə tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aid edilir.
ƏLİNCƏQALA – Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbiət abidələrindən biridir. Əlincəqala Naxçıvan şəhərindən 30 km şərqdə, Əlincəçayın sağ sahilində, Xanəgah kəndinin ərazisində, 1700 metr hündürlüyə malik olan Əlincə dağının üzərində yerləşir.
QAZANÇI QALASI – Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində e. ə. 3-1-ci minilliklərin əvvəllərinə aid tarixi-arxeoloji abidədir. Qala e. ə. 3-cü minillikdə Azərbaycan ərazisində geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır.
GÜLÜSTAN TÜRBƏSİ – Culfa rayonunun Gülüstan kəndi yaxınlığında memarlıq abidəsidir. Gülüstan türbəsi muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Möminə Xatun türbəsinin təsiri ilə XII əsrdə tikilmişdir.
NUH PEYĞƏMBƏRİN MƏZARÜSTÜ TÜRBƏSİ - Naxçıvan şəhərinin cənub tərəfində, Köhnəqala adlanan ərazidə VIII-XII əsrlərə aid memarlıq abidəsidir.
YUSİF İBN KÜSEYİR TÜRBƏSİ - Yusif ibn Küseyr türbəsi Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında "Atababa türbəsi" də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi yazılır.
QARABAĞLAR TÜRBƏ KOMPLEKSİ – Naxçıvan ərazisində orta əsrlər zamanı inşa edilən möhtəşəm memarlıq nümunələrindən biri Qarabağlar Türbə Kompleksidir. Nəinki Azərbaycan, ümumiyyətlə Şərq memarlığının incilərindən sayılan, XII-XIV əsrlərə aid olan Qarabağlar Türbə Kompleksi Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Kompleksdən zəmanəmizədək qoşa minarəli baştağ, türbə və dini təyinatlı tikintinin qalıqları gəlib çatmışdır.
GƏMİQAYA RƏSMLƏRİ – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlərdən ibarətdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər.
“ƏSHABİ-KƏHF ZİYARƏTGAHI” DİNİ-MƏDƏNİ ABİDƏ KOMPLEKSİ – Naxçıvan şəhərindən təqribən 12 km aralı, Haçadağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgahdır. Ərəb dilində “mağara sahibləri” deməkdir. Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır.
FƏRHAD EVİ - Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir.
XANƏGAH ABİDƏ KOMPLEKSİ – Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq kompleksidir. El arasında "Şeyx Xorasan" adlanan kompleksdən türbə, məscid və bəzi tikililərin qalıqları zəmanəmizədək gəlib çatmışdır. Kompleksə daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa edilmişdir.
NAXÇIVAN BUZXANASI –Naxçıvan şəhərinin şərqində, İmamzadə Kompleksinin yaxınlığında memarlıq abidəsidir. Azərbaycan Respublikasında ən böyük buzxanalardan biridir. Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir.
ORDUBAD BUZXANASI – Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsidir. XVIII əsrdə bərpa edilmişdir. Binanın ümumi sahəsi 166 m2-dir. Bina daxili girişdə böyük otaqdan, 2 marşlı 36 pillədən və buz saxlanılan zirzəmidən ibarətdir.
QEYSƏRİYYƏ - Ordubad şəhərində XVII əsrə aid tarixi-memarlıq abidəsidir. Şəhərin mərkəzində yerləşir. Ümumi sahəsi 540 m2-dir. Abidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir.
ZAVİYƏ–MƏDRƏSƏ BİNASI – Naxçıvan şəhəri Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir. Ərəbcə "guşə", "künc", "bucaq" mənasını bildirən "zaviyə" sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir.
Kənd-yaşıl turizmi
Həyata keçirilən tədbirlər çərçivəsində kənd turizminin yaradılması da diqqət mərkəzində saxlanılır. Artıq insanlar şəhərin sıxlığından, abu-havasından əziyyət çəkib ucqar yaşayış yerlərinə üz tuturlar. Muxtar respublikanın ərazisi bu baxımdan böyük potensiala malikdir. Ucqar dağ yaşayış məntəqələrindən biri olan Şahbuz rayonunda dağlar qoynunda yerləşən "Batabat" restoranı ərazisində hər cür şərait yaradılmış kateclər buraya üz tutanlar üçün münasib qiymətlərlə istirahət etmək və mənəvi rahatlıq tapmağa imkan verir.Böyük sənaye şəhərindən və ya xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyük olur. Buna "kənd turizmi" də deyilir və adından da bəlli olduğu kimi, yerləşmə obyekti - kənd evidir. Dünya təcrübəsində ev sahibi öz evində turistləri qəbul etdiyi halda, bu ev kənd qonaq evi statusuna malik olur. Kənd qonaq evi adətən bir ailəyə məxsus olmaqla, qısa müddət ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsidir.
Muxtar respublikanın kənd-yaşıl turizm potensialını artıran mühüm obyektlərdən biri də Şahbuz rayonunun eyniadlı kəndində fəaliyyət göstərən Ağbulaq İstirahət Mərkəzidir. Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Buna baxmayaraq kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verir. Burada qiymətlərin münasibliyi, təklif olunan xidmətlər qonaqları razı salır. Ağbulaq İstirahət Mərkəzi xidmət səviyyəsi, yaradılmış hərtərəfli şərait fonunda sözün əsl mənasında nümunəvi turizm obyekti təəssüratı yaradır.
Muxtar respublikanın ən ucqar kəndlərinə belə rahat yollar çəkilmiş, Naxçıvan şəhərindən bütün rayon və kəndlərə marşrut xətləri, taksi xidməti fəaliyyət göstərdiyindən gediş-gəliş xeyli asanlaşmışdır. Həmçinin muxtar respublikanın bir neçə kəndinə dəmiryolu nəqliyyatı ilə də getmək mümkündür. Turistlər Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən mehmanxanaların xidmətindən istifadə edə bilərlər. Mehmanxanalar ekoloji cəhətdən təmiz, gözəl təbiət mənzərələri ilə əhatə olunmuş, tarix mədəniyyət abidələri ilə zəngin ərazilərdə yerləşdirilmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndləri belə fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchiz edilmişdir. Telefon rabitəsi vasitəsilə dünyanın istənilən yeri ilə əlaqə yaratmaq mümkündür. Bütün bunlar ən tələbkar turistin ehtiyaclarını ödəməyə imkan verir.
Ekoturizm
Ekoturizm və ya ekoloji turizm - təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Ekoturizm - məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha yaxından tanış olmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir. Muxtar respublikamız təbii bulaqları və gölləri ilə ekoturizmin inkişafı üçün əlverişli imkanlara malikdir. Naxçıvanın bənzərsiz mənzərələri və füsunkar yerləri haqqında çox yazılıb. Ekologiyaya göstərilən diqqətin nəticəsidir ki, yaz-yay aylarında muxtar respublikamızın bütün yaşıllıq və meşə zolaqları, çay kənarları ekoloji turizm həvəskarları ilə dolub daşır. Bu torpağın dillər əzbəri olan cənnət məkanlarından biri də Batabat yaylağıdır. Şahbuz rayonu ərazisində, Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m hündürlükdə yerləşən Batabat yaylağı da ekoloji turizm üçün əlverişli sayılan bölgələrdəndir. İsti yay günlərində bu əraziyə böyük insan axını olur. Ərazinin dərman bitkiləri ilə zənginliyi və havasının təmizliyi burada kurort-sanatoriya kompleksinin yaradılması üçün böyük perspektiv yaradır. Füsunkar təbiəti ilə seçilən Batabat yaylağı güllü-çiçəkli çəmənlikləri, təbii gölü, sadə və təmiz dağ havası, meşələri, Zorbulaq, Südlübulaq kimi bulaqları ilə məşhurdur. Ərazidəki Batabat gölü dünyanın üzən adaya malik olan yeganə gölü kimi diqqətəlayiqdir.
Etnik turizm
Naxçıvan Muxtar Respublikası Türkiyə və İran İslam Respublikası ilə həmsərhəddir. Bu ölkələrdə yaşayan azərbaycanlılar Naxçıvanda olan qohumlarını, dostlarını görməyə gəlirlər ki, bu da muxtar respublikada etnik turizmin inkişafını şərtləndirən başlıca amildir.
Xalqımızın tarixi müəyyən hadisələr, böyük şəxsiyyətlərin həyatı ilə əlamətdar olan günlərlə zəngindir. Belə günlər isə heç vaxt qonaqlarsız keçmir. Bir çoxları onlara əziz olan belə günlərdə min kilometrlərlə uzaqlarda da olsa, öz işlərini təxirə salıb Vətənə, doğmalarına baş çəkməyi əsl fürsət bilir, onları keçmişə qaytaracaq nostalji hisslərə qovuşmağa tələsirlər. Turizm və qonaqpərvərlik sənayesinin işini canlandıran belə səfərlərə peşəkarcasına hazırlaşmaq, regiona səfər edən etnik turistlərə və digər xalqların nümayəndələrinə nümunəvi xidmət göstərməklə turizm sektorundan yaxşı gəlir əldə etmək mümkündür. Unutmaq olmaz ki, Novruz bayramında, Ramazan və Qurban bayramı günlərində, habelə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə regionumuza səfər edən on minlərlə həmvətənimiz təkcə onları gözləyən doğmalarının deyil, həm də bütün Naxçıvanın qonağıdır.
Yerləşdirmə
Turizmin əsas predmetlərindən biri yerləşdirmə xidmətidir. Yerləşdirmə dedikdə, turistlərin gecələməsi üçün nəzərdə tutulan yer başa düşülür. Mehmanxana və ya otel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Naxçıvan ona görə əlverişli turizm regionudur ki, burada turistləri maraqlandıran cazibədar təbii, tarixi-mədəni ehtiyatlardan tutmuş təhlükəsizliyədək bütün cazibədarlıq vardır. Bu da, öz növbəsində, muxtar respublika ərazisində müxtəliftəyinatlı və komfort dərəcəli otellərin əhəmiyyətini artırır.
2017-ci il yanvarın 1-ə olan məlumata görə muxtar respublikada ümumilikdə 21 mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir. Mehmanxalarda yerlərin ümumi sayı 1500 təşkil edir. Yəqin ki, təkcə muxtar respublika sakinləri deyil, həm də regiona tez-tez səfər edən qonaqlar öz şəraiti ilə seçilən “Duzdağ”, “Təbriz”, “Qrand Naxçıvan”, “Avtovağzal” otellərini yaxşı tanıyırlar. Mehmanxanalarda turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. 5 ulduzlu mehmanxalardan Təbriz və Duzdağ turistlərin bütün ehtiyaclarını ödəmək imkanına malikdir. Adıçəkilən mehmanxanalar həm də dünya standartlarına cavab verən, dövlət başçıları səviyyəsində beynəlxalq tədbirlərin keçirilməsinə imkan yaradan konfrans salonlarına malikdir. Mehmanxanalarla yanaşı, şəhərimizdə və muxtar respublikanın digər yaşayış məntəqələrində, habelə magistral yol kənarlarında bir neçə motel müəssisəsi də fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin siyahısı ilə burada tanış ola bilərsiniz.
Mədəniyyət
Naxçıvan ərazisinin əlverişli coğrafi mövqeyi və təbii sərvətlərlə zənginliyi səbəbindən insanlar ən qədim dövrdən burada məskunlaşmış və özünəməxsus mədəniyyət yaratmışlar. Bu ərazi Yaxın Şərqdə meydana çıxan bir çox mədəniyyətlərin - Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olmuşdur. Naxçıvan ərazisində Qazma, Kilit, Ərməmməd mağaraları, I Kültəpə, Ovçular təpəsi, Xələc yaşayış yerləri, Gəmiqaya abidələri, Oğlanqala, Çalxanqala kimi qala-şəhərlər və müdafiə istehkamları ən qədim dövrdən insanların burada yaşadığını təsdiq edir.
Muxtar respublika ərazisi tarixi abidələrlə zəngindir. XII əsrdə tikilmiş Yusif Küseyir oğlu, Möminə xatun, Gülüstan, Qarabağlar türbələri dünya əhəmiyyətli tarix-memarlıq abidələridir. Əlincəqala, Naxçıvanqala kimi tarixi abidələri qəhrəmanlıq simvoludur. 5 min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir.
Qədim tarixi və abidələri, müasir inkişafı, zəngin mədəniyyəti və təhlükəsiz həyat şəraiti Naxçıvanda turizmin inkişafına səbəb olub.
Naxçıvanın ən qədim tarixə malik abidələri içərisində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin xüsusi yeri vardır. “Əshabi-Kəhf”dən “Quran”ın “Əl-kəhf” (“Mağara”) adlı 18-ci surəsində ayrıca bəhs olunması bu qədim ziyarətgahın islamaqədərki dövrdə də tanınmasının və məşhurlaşmasının daha bir sübutudur.
Naxçıvan şəhərinin cənubunda Nuh peyğəmbərin məzarüstü türbəsi ucalır. Təxminən 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqını zamanı Nuh və ona iman gətirənlərin gəmisi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Təsadüfi deyil ki, “Naxçıvan” sözü “Nuh tərəfdarlarının çıxdığı yer” mənasını verir. Bundan əlavə muxtar respublika ərazisindəki imamzadələr və pirlər də turistlərin ziyarət etdiyi məkanlardandır.
Muzeylər
Naxçıvan Muxtar Respublikasını muzeylər diyarı da adlandırmaq olar. Burada 28 muzey və 1 muzeytipli müəssisə olan Naxçıvan Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Muzeylərdə ümumilikdə 134000-dən çox eksponat mühafizə olunur.
İqtisadiyyat
Dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycan Respublikasının iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermişdir. Sovet İttifaqının iqtisadi-siyasi sisteminin tənəzzül etməsiylə yaranmış xaotik vəziyyət artıq geridə qalmış, ölkədə sosial-siyasi sabitlik bərqərar olunmuş, iqtisadi-inkişaf dövrü başlanmışdır.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir. Digər tərəfdən iqtisadiyyatın bütün sahələrində inkişafa istiqamətlənmiş tədbirlərin ayrı-ayrı dövlət proqramları çərçivəsində həyata keçirilməsi ümumi nəticədə səmərəliliyi xeyli artırmışdır. Belə proqramlardan 2004-2008-ci illəri əhatə edən 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ümumiqtisadi inkişafın mərkəzlə yanaşı regionlara doğru istiqamətlənməsində müstəsna əhəmiyyət kəsb etmişdir.
Ötən dövr ərzində ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin vahid dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-iqtisadi inkişafda regionların rolunun yüksəldilməsi, iqtisadiyyat sahələrinin və regionların kompleks inkişafının təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Qeyd olunan ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı özünəməxsusluğu ilə fərqlənir. İşğalçı Ermənistan Respublikasının Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində ölkənin əsas hissəsindən ayrı düşərək iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada şəraitində yaşamağa məhkum olunmuş muxtar respublika mövcud çətinliklərə baxmayaraq Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir.
Azərbaycan Respublikasının iqtisadi-coğrafi rayonlaşdırılmasında Naxçıvan Muxtar Respublikasının ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunmuşdur. Lakin o, özünün çoxsahəli strukturu ilə fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar burada yerli tələbatı müvafiq istehsal sahələri yaratmaq hesabına təmin etmək zərurəti ilə izah olunur.
Naxçıvan Muxtar Respublikası inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, tikinti materialları və yüngül sənayesi var. Kənd təsərrüfatı, əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşmışdır. Muxtar respublikada iqtisadi islahatlar ardıcıl həyata keçirilmiş, torpaq islahatı başa çatdırılmış, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılmışdır.
Muxtar respublikada davamlı inkişafın təmin edilməsi, sahibkarlıq fəaliyyətinə meylin stimullaşdırılması və bu istiqamətdə bütün cəhdlərin hərtərəfli dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə məqsədli proqramlar hazırlanmışdır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının icrasını təmin etmək, Naxçıvan Muxtar Respublikasında təbii sərvətlərdən və yerli şəraitdən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə 09 iyun 2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)" təsdiq olunmuş və icrası uğurla reallaşdırılmışdır.
Muxtar respublika iqtisadiyyatının səmərəli strukturunun formalaşdırılması məqsədilə elmi əsaslara söykənən idxal-ixrac siyasətinin həyata keçirilməsi nəticəsində istehsalyönümlü sahibkarlığın inkişafına, son məhsul istehsalının artırılmasına, daxili bazarın əsasən yerli istehsal məhsulları hesabına təmin edilməsinə, yerli xammal və materiallardan istifadə əsasında istehsal potansialının gücləndirilməsinə iqtisadi stimul yaradılmışdır. Sosial-iqtisadi inkişafa bu cür kombinə edilmiş yanaşma, elmi nəzəriyyəyə və təcrübəyə söykənən konsepsiya əsasında həyata keçirilən köklü islahatlar və irimiqyaslı quruculuq proseslərinin nəticələri muxtar respublika iqtisadiyyatında və sosial sahədə əldə edilmiş yüksək inkişaf templərinin qorunub saxlanılmasına və daha da yüksəldilməsinə təminat verir.
Azərbaycan Respublikasının Prezidenti əldə olunmuş iqtisadi tərəqqinin davamlılığını təmin etmək, mövcud təbii ehtiyatlardan və əmək potensialından səmərəli istifadənin təşkilini həyata keçirmək məqsədilə 2014-cü il fevralın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etmişdir. Üçüncü Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının da inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
1991-2001-ci illər ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikanın yarandığı 1924-cü ildən 1991-ci ilədək - yəni 67 il ərzində əldə olunanları xeyli üstələyir. 1924-1990-cı illərdə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 46-ya bərabər olmuşdursa, 20 il ərzində sənaye sahəsində reallaşdırılan islahatların uğurlu nəticəsi kimi əlavə olaraq 383 yeni müəssisə işə başlamış və hazırda bu göstərici 429-a çatmışdır. Sənaye məhsullarının sayı da artmışdır. Əgər 1924-1990-cı illərdə muxtar respublikada istehsal olunan sənaye məhsullarının sayı üzrə maksimum göstərici 23-ə bərabər idisə, ötən 20 il ərzində əlavə olaraq 221 yeni sənaye məhsulunun istehsalına başlanılmış və bu göstərici ümumilikdə 244-ə çatmışdır. Ötən 20 il ərzində muxtar respublikanın inzibati ərazisində 2993 kilometr uzunluğunda yeni avtomobil yolları inşa olunmuşdur ki, bu da 1924-1990-cı illər ərzində salınmış 1278 kilometr uzunluğunda avtomobil yollarını 2,3 dəfə üstələyir.
2015-ci ildə sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 1,7 faiz artaraq 2 milyard 467 milyon 422 min 400 manat təşkil etmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 2,1 faiz artaraq 5581,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 61,8 faiz təşkil etmişdir. 2014-cü ilə nisbətən 2015-ci ildə sənaye məhsulunun həcmi 2 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,9 faiz, kənd təsərrüfatının ümumi məhsulu 12,2 faiz, nəqliyyat sektorunda yük daşınması 2,1 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 1,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,9 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,4 faiz, ixracın həcmi 1,4 faiz, əhalinin gəlirləri 1,6 faiz artmışdır. Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7 milyon manat vəsait ayrılmışdır.
Muxtar respublikada pozitiv meyillərlə səciyyələnən bu sosial-iqtisadi fəallığın təməlində iqtisadi inkişafın sosial yönümlü olması, hər bir vətəndaşın iqtisadi və sosial inkişafda iştirakından asılı olaraq maddi rifahının artırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması, əsassız məhdudiyyətlərin aradan götürülməsi, investisiyaların və sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması və muxtar respublikanın iqtisadi təhlükəsizliyinin təminatı üçün aparılmış kompleks işlər dayanır.
Əlavə məlumat
Naxçıvan Muxtar Respublikasına ilin hər fəslində gəlmək olar. Çünki Naxçıvanda mövsümlərdən hər birinin özünəməxsus rəngləri və xüsusiyyətləri vardır.
Naxçıvan Muxtar Respublikasında yaz - Yeni yaşıllaşmağa başlayan təbiət, bolsulu çaylar, təmiz hava yaz fəslində Naxçıvanı daha cəlbedici edir. Hər il bütün Azərbaycan mart ayının 21-də bu qədim bayramı qarşılayır. Baharın gəlişini simvolizə edən Novruzun çoxsaylı bayram ənənələri və mərasimləri, keçirilən tədbirlər, qədim dövrlərdən bugünədək yaşadılmış adət-ənənələr qonaqların asudə vaxtını mənalı keçirmələrinə şərait yaradacaqdır.
Naxçıvan Muxtar Respublikasında yay – Naxçıvan bir çox cəhətdən yayda daha cəlbedicidir. Batabat yaylağı, Pəzməri şəlaləsi, Nürgüt kəndi, Biçənək bu mövsümdə daha əsrarəngiz olur. Naxçıvanda Batabat gölü, Vayxır gölü, Gilançay, Parağaçay sahilləri boyu, meşələrdə və dağlarda yerləşmiş istirahət və əyləncə zonaları günəşi, təbiət qoynunda süfrə açmağı, meşə cığırlarında gəzməyi və at minməyi sevən hər kəsdə unudulmaz təəssürat yaradacaqdır.
Naxçıvan Muxtar Respublikasında müalicəvi göstəricilərə malik termal və mineral su qaynaqları vardır. Bunlardan biri Culfa rayonunda yerləşən Darıdağ arsenli suyudur. Yay mövsümündə bu suda vanna qəbul etmək bir çox xəstəliklərin müalicəsinə kömək edir.
Naxçıvan Muxtar Respublikasında payız - Payız Naxçıvanda çox gözəldir. Yaşıl rəngin sarı, qızılı rənglərlə ahəng təşkil etdiyi bu fəsildə Naxçıvan təbiəti olduqca əsrarəngiz görünür. İlıq havanı, yağışı sevənlər üçün bu fəsildə Naxçıvan daha romantik əhval-ruhiyyə yaradacaqdır.
Naxçıvan Muxtar Respublikasında qış - Ağ dona bürünmüş Naxçıvan qışda nağıllar aləmini xatırladır. Qış əyləncələrini yaşamaq üçün Naxçıvan qonaqların unudulmaz məkanı olacaq. Təbiət qoynunda yerləşən istirahət mərkəzlərində isti soba kənarında samovar çayı içərək çöldə yağan qara tamaşa etməyin ləzzətini ancaq Naxçıvana bu fəsildə qonaq gələnlər bilər. Məhz qış fəslində gecəboyu vam odda bişən isti xaş, yaxud həm səhər, həm də axşam buğlanan düşbərə, xəşil və digər xəmir xörəkləri milli mətbəxin ən dadlı yeməkləri sırasındadır.
Naxçıvana necə gəlmək olar?
İstənilən yerə səyahət etməyi planlaşdırarkən səyahətin ən vacib amillərindən biri nəqliyyat olur. Hara səyahət etməyindən asılı olmayaraq, hər kəsi maraqlandıran ilk amil nəqliyyat xidmətidir. Bəs Naxçıvana necə gəlmək olar?
Naxçıvana təyyarə və avtobuslar vasitəsilə gəlmək mümkündür. Naxçıvan Beynəlxalq Hava Limanı ölkənin ən böyük və müasir hava limanlarından biridir. Buradan Bakı-Naxçıvan, Naxçıvan-Gəncə-İstanbul, Naxçıvan-Moskva təyyarə reysləri həyata keçirilir. Bax bura http://www.airportnakhchivan.az
Muxtar respublikada 3 gömrük-keçid məntəqəsi fəaliyyət göstərir ki, onlardan ikisi (Culfa və Şahtaxtı) İran İslam Respublikası, biri isə (Sədərək) Türkiyə Respublikası ilə sərhəddə yerləşir.
İctimai nəqliyyat çoxsaylı marşrut avtobusları və taksilər tərəfindən təmin olunur. Günün istənilən vaxtı bu nəqliyyat növlərindən istifadə etmək olar.
Şəhər daxili nəqliyyat
Naxçıvanda şəhər daxili yollar asfalt örtüklüdür. Avtomobillərin hərəkəti üçün heç bir çətinlik yoxdur. Yollar yol nişanları və işıqforlarla təchiz olunub. Şəhərin 2 hissəsində, əhalinin sıx hərəkət etdiyi yerlərdə keçid inşa edilib.
Naxçıvanda şəhərdaxili nəqliyyat vasitələri kimi avtobuslar və taksilər xidmət göstərir. Şəhərdaxili marşrut xətlərində yeni istifadəyə verilmiş geniş və rahat oturacaqlı avtobuslar sərnişinlərə nümunəvi xidmət göstərir.
Naxçıvan şəhəri üzrə 1,2,3,4,5,6 saylı marşrut xətləri şəhərin demək olar ki, bütün hissələrinə əhalinin rahat hərəkətini təmin edir. Marşrut xətlərində gediş haqqı bir nəfər üçün 0.30 AZN təşkil edir.
Naxçıvanda xidmət göstərən taksilərə şəhərin hər yerində rast gəlmək mümkündür. Məsafədən asılı olaraq, şəhərdaxili taksi xidmətlərinin qiyməti 1-5 AZN müəyyən edilir.
Naxçıvan milli mətbəxi
Dünyada olan 11 iqlim qurşağından 7-nin muxtar respublikada olması, zəngin flora və fauna, coğrafi mövqe Naxçıvan mətbəxinin zəngin olmasına təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı, Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib.
Azərbaycanda, həmçinin Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin kağız kimi incə təndir lavaşı, qalın, dəstana, kömbə kimi çeşidli növləri var.
Naxçıvan mətbəxi əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və digər xəmir xörəkləri ilə də məşhurdur.
Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama, dovğa, ayranaşı, qurutaşı və digər təamların Naxçıvan mətbəxində xüsusi yeri var.
Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və sair geniş yayılıb.
Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsində bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər. Bu da öz növbəsində həmin məhsullardan hazırlanmış yeməklərin, şirniyyatların, şərbət və şirələrin dadlı və ləziz olmasına səbəb olur.